Əziz Səlami: Şeirlər

www.aziz-salami.info


BAŞLAYAN YOL


Eşidirmisiniz səssizliyin səsini?
O səsin
Səssizliyindən başlar yolum.




QIRIQ KÜP


Nə zamandan qaldığını bilmədim heç
Sormadım anamdan da,
Durardı bir bucağında boş otağın
Qırılmışdı bozağından
Bir azı da,
Qalırdı dibində qırılmış parçası.

Nə qədər çəkdim rəsmini!
O boş otağın içindəki
İşıqları, kölgələri
O küpün saxsı boğazında, qollarında
O böyük qarnında və dibindəki
O qırıq parçasında öyrəndim.

İri-iri kağızlarda
Durdurdum zamanı
Kölgə-kölgə
İşıq-işıq
O rahatlıq verən küpün
Torpaq varlığında.

Bir gün zaman
Sarı-sarı
Əsib keçdi bizdən də,
Getdi anam,
Sonra getdi evimiz də
Getdi qırıq küpümüz də!

Açılar qarşımda qapısı zaman-zaman
O boş otağın,
Durar bir bucağında o qırıq küp
İşıqlar içində, kölgələrdə,
Süzərəm o küpü, süzdükcə
Gülər qovaqlar altında
Ağsaçlı, şirindilli Şirin xalam,
Qızılgüllər arasından,
Keçər anam.



QARĞA DİLİ

Hər nə gözləyərkən gecikmiş baharı
Nə söyləyir
Palıd ağaclarında qarğaların bu qar-qarı?!
Sanmayın ki qar-qar sözlərində qar vardır
Qarğa dilində səsləyir onlar da baharı.



KOMA

Qaralmasaydı uzaqdan qapısı
Qış qasırğalarının yaratdığı
Qardan bir təpədir deyə düşünərdim.

Biri vardı içində şübhəsiz
Bacasından yüksələn
Tüstüdən görünürdü.

Bir neçə quş ləpiri
Önündəki
Qar üstündə.

Nə bir cığır
Nə bircə iz
Bir insandan.

Döndüm gəldiyim izlərimlə
Düşünürdüm
Orada qalan özümü.



GƏLİN KEÇİN

Bir ucumdan doğar günəş
Bir ucumda batar günəş.

Gəlin keçin məndən
Ey göylərin mavi və ağ buludları!

Doldurun mənə uzaqları!



BİR ŞƏKİL UZAQLARDA

Bir şəkil
Alar içinə o günləri
Bir az dumanlı, bir az işıq
Görünər
Uzaqlardan.

Uzun bir divar ayırırdı
Yan-yana düzülmüş torpaq damları
Alma bağından.

Bir sağa baxardıq, bir sola
Gizli-gizli
Dırmaşardıq divara,
Dərərdik o sulu
O yumşaq, o meyxoş almalardan.

Arabir
Cavan bir xərəzi
Gəlib keçərdi oralardan,
Verərdik ona almalardan
Verərdi bizə rəngli, şirin saqqızı.

Bir şəkil
Alar içinə o günləri,
Bir az dumanlı, bir az işıq
Görünər
Uzaqlardan.

• Xərəzi: Xırdavatçı



SUGÖZLÜ GÜNLƏR


Gözləri sudandır bu günlərin,
Su içində görər hər nəyi.

Buludlar, ağaclar, quşlar
Titrəyər, itər içində qaraltılar kimi.
Günəş görünər bir anlığa,
Paslanmış, əski bir sikkə olar
Düşər dibindəki qaranlığa.

Gözləri sudandır bu günlərin,
Keçər içindən gündüz də, gecə də,
Bulanıq
Qaranlıq su rəngində.



AĞDUMANLI DAĞLAR

Uzaqlaşdıqca yaşıllaşan
Ağdumanlı dağlardı görünümdə.

Uzun illərini
Bir gündə böyüyən bir ağac kimi
Bir istək böyüyürdü ürəyimdə:
Getmək bu dağlarla
Bu ağ dumanlarla!

Baxdım dörd yanıma,
Heç nə vermirdi bir xəbər
Bir cığırın olmasından.

Qırıq bir küzədən
Gizli-gizli sızan bir su kimi
Bir qorxu sızırdı hər nədən.

Döndüm gəldiyim yolumu.



BİR GÖRÜNÜMÜN İKİ ZAMANI

1

Bağlanmışdı qamışa bir qayıq,
Bir iynəcə qanadınca yüngül
Bir şeh damlasınca şəffaf
Bir aydınlıq doldurmuşdu qaranlıqdan
Boşalmış içini.

Sıyrılaraq toranlıqdan
Açmışdı ağac-ağac
Qoynunu artan işıqlara
Gölün o tayında bir orman.

Hər nə unutmuşdu ağırlığını,
Hər nə çıxacaq kimiydi
Bir azdan
Bir quş kimi
Yumurtadan.


2

Bir qayıq yan almışdı qamışlıqda,
Enirdi içindən bir kişi.

Ağır, həzin və qurtarıcı
Bir musiqi yayılmışdı havaya,
Eşidilməyən,
Duyulan.

Uzaqlaşırdı bir-bir ağacları
Və itirdi böyüyən qaranlıqda
Gölün o tayında bir orman.

Əyilmişdi
Hər nəyi doldurmuş bir ağırlıqdan
Qayıqdan enən kişinin çiyinləri.





يازار هـ.شهبازی شنبه 1388/07/18 ساعت 19:33 /لینک/(نقل با قيد منبع وبلاگ آزاد است)